Superstar Meraya Keri Formula 1 Azərbaycan Qran Prisinin sonuncu günü Bakıda canlı konsert verəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də Formula 1 yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə elan edir ki, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meraya Keri Bakıya toplaşmış avtoidman həvəskarlarına 2017 Formula 1 Azərbaycan Qran Prisinin podium mərasimindən sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək.
Karyerasının zirvəsində olduğu bir dövrdə Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu Meraya Keri yarış başa çatdıqdan sonra Bakıda ən məşhur mahnılarını ifa edərək Formula 1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq. Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan Meraya Keri Bakıda ona dünya şöhrəti qazandırmış bu mahnılarından “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və başqalarını səsləndirəcək.
Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan Meraya Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.
Sahib olduğu beş oktav səs gücü və peşəkar yanaşması ilə Meraya Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy” mükafatına, 21 dəfə Amerika Musiqi Mükafatına, “Billboard”-ın “Son Onilliyin Ən Yaxşı Müğənnisi” makafatına, “Minilliyin Ən Çox Mahnı Satan Qadın Müğənnisi” ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə “BMI”-in “İkona” Mükafatına layiq görülüb.
Mareya Kerinin mahnıları dünyada hər zaman ən çox dinlənənlər arasında yer alıb və onun verdiyi konsertlərdə hər dəfə tamaşaçılar arena və stadionları ağzınacan doldurublar. Sahib olduğu hərtərəfli istedadı ona dünya miqyasında milyonlarla azarkeş qazandırıb və o bu özəllikləri ilə musiqi dünyasına mükəmməlliyə dair yeni standartlar gətirən sənətçi kimi tarixdə adını yazdırıb.
Meraya Kerinin şöhrəti sadəcə musiqi ilə məhdudlaşmır, o həm də kino sahəsində şəxsi bacarıq və qabiliyyətlərini sınayıb. İndiyədək bir sıra filmlərdə, o cümlədən “Precious” (2009) və “The Butler” (2013) kinolarında rol alıb və “A Christmas Melody” (2015) televiziya filmində isə rejissorluq edib.
Konqres mükafatçısı Meraya Keri öz vaxtı və enerjisini xeyriyyə məqsədilə keçirilən bir sıra işlərə də həsr edib. O, “Save the Music”, “Make-A-Wish Foundation”, “World Hunger Relief” və “Elton John AIDS Foundation” kimi müxtəlif fondlar üçün xeyriyyə məqsədilə konsertlər verib. Meraya Keri “Fresh Air” Fondu ilə birlikdə ağır şərait içərisində yaşayan uşaqların gələcək karyeralarının düzgün istiqamətdə qurulmasına dəstək göstərən “Camp Mariah” proqramını təsis edib.
Bu il keçirilən Azərbaycan Qran Prisinin sonuncu günündə Bakıda səhnəyə çıxacaq dünya ulduzunun adının açıqlanmasına BŞH-nin icraçı direktoru Arif Rəhimovun münasibəti belə olub: “Biz musiqi tarixində ən böyuk uğur qazanmış xanım müğənnini Bakıda baş tutan ikinci Formula 1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula 1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa dəvət edirik!”
Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcək. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü - iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.
2017 Azərbaycan Qran Prisinə bilet satışları davam edir
Yarış həyəcanını yerində canlı yaşamaq istəyənlərə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif növ biletlər təklif olunur. 2-16 yaş qrupunda olan azarkeşlər üçün endirimli qiymətə “Azyaşlı” biletləri satışdadır.
Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki aydan az müddətin qaldığı ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 ictimaiyyətinə müraciət edərək avtoidman həvəskarlarını biletləri indidən almağa və bu yay Bakıda baş tutacaq növbəti Formula 1 yarışını birlikdə izləməyə dəvət edir.
Bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə daha ətraflı məlumatı 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi veb-səhifəsindən əldə edə bilərsiniz: www.bakucitycircuit.com
Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri bizə press@synergy.az elektron ünvanı ilə sorğu göndərə bilərlər.
trend