Oktyabrın 11-dən 14-dək Bakıda IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Nazirlikdən bildirilib ki, festivala film qəbulu sentyabrın 1-dək davam edəcək. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyənləşdirəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə (Ölkə, region, şəhər; Mədəniyyət, ənənə; Reklam filmləri; Ekoturizm və digər turizm növləri; TV məhsullar (filmlər, videoçarxlar) yarışacaqlar.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
Festivalın ən yaxşı filminə isə Qran pri, diplom və mükafat veriləcək.
BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.
azertag.az