Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumunu təşkil edib.
“Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin II Ekoloji Forumunun keçirilməsində məqsəd gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.
Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkətinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və digər təşkilatların nümayəndələri, ekologiya üzrə beynəlxalq ekspertlər, 400-dən çox məktəbli və “Ekoklub” üzvləri iştirak edib.
Forumun rəsmi açılışı Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında, “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” mövzu üzrə panellər və təqdimatlar T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilib. Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb, təkliflər səsləndiriblər.
Otuz orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.
Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib.
azertag.az