“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 10 may - Gül Bayramı münasibətilə Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində yaşıllaşdırma aksiyası keçirib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, cəmiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinin dəstəyi ilə 10 hektar ərazidə ağac əkib.
Aksiyanın keçirilməsi üçün “AzerGold” QSC bir neçə müddət əvvəl Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinə müraciət edib. Müəssisə müraciətə müsbət yanaşıb, cəmiyyəti təmənnasız müxtəlifcinsli ağaclarla təmin etməyə və kömək üçün əraziyə mütəxəssislər göndərməyə razılığını bildirib. Cəmiyyətin və müəssisənin əməkdaşları iyirmi gün ərzində sərv, gavalı, alma, meşə gilası, meşə armudu, qoz, fındıq kimi ağaclardan ibarət ümumilikdə 6 min ağac əkiblər.
azertag.az