Ümummilli Liderin doğum günü münasibətilə keçirilən aksiyada Gəncədə 94 min ağac əkilib
10.5.2017

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən bir aylıq aksiyada 94 min ağac əkilib.
Ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın sonuncu günündə əsasən Gəncənin landşaftına uyğun 10 min ədəd müxtəlif növ ağac və 2 min 500 ədəd qızılgül kolu əkilib.

Həmçinin aksiya iştirakçıları ərazidə təmizlik-abadlıq işləri aparıb, sahəni alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə isə aqrotexniki qulluq göstəriblər.

Bildirilib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində və şəhərin müxtəlif hissələrində həyata keçirilən aksiyada bir ay müddətində 5 min insan iştirak edib. Bununla da bir aylıq aksiyaya yekun vurulub.



azertag.az