Güzəştli mənzillərin tikintisi genişləndirilir
11.5.2017

Yaxın günlərdə güzəştli şərtlərlə mənzil almaq istəyənlərin qeydiyyatına başlanılacaq və həmin mənzillərin satışı elektron qaydada həyata keçiriləcəkdir. Artıq elektron sistemin hazırlıq prosesi tam başa çatıb.

Bu barədə məlumat verən Mənzil İnşaat Dövlət Agentliyinin direktoru Samir Nuriyev indiyədək güzəştli mənzil almaq ucun 32 min nəfərin müraciət etdiyini və onlardan 18 min nəfərin müraciətinin qəbul olunduğunu söyləyib. Onun dediyinə görə, güzəştli mənzil sistemi “e-qov.az” hökumət elektron portalında yerləşdiriləcək. Bakıdakı “ASAN xidmət” 1,2 və 3, eləcədə Sumqayıtdakı “ASAN xidmət”də müraciətlərin qəbuluna başlanılacaq.

Hazırda ilk layihə olan Yasamalda güzəştli şərtlərlə satılmaq üçün tikilən yaşayış binasında işlər sürətlə davam edir. Hövsan qəsəbəsində isə yeni mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Həmin ərazidə tikiləcək binaların baş planıni hazırlanıb, yaxın günlərdə işçi layihənin hazırlığına başlanılacaq. Hövsan qəsəbəsində 3 minə yaxın mənzil istifadə veriləcək. Mənzil İnşaat Dövlət Agentliyinin direktorunun dediyinə görə, gələcəkdə güzəştli mənzil almaq hüququ olanların kateqoriyası genişləndirilə bilər.

azertag.az