Moskvada Vüqar Həşimovun xatirəsinə IV Millətlərarası şahmat turniri keçirilib.
Turnir Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf (AMİİ) Fondu və Moskva Millətlər Evi (MME) tərəfindən təşkil edilib.
AMİİ Fondunun rəhbəri Şamil Tağıyev şahmat ənənələrinin inkişafı və idman ənənələrinin tərənnümü baxımından turnirin vacibliyini qeyd edib.
"Vüqar Həşimov hələ yaşayarkən Azərbaycan şahmatının "qızıl oğlanı" ləqəbi alıb. Ümid edirəm ki, turnirin gənc iştirakçıları burada gələcək şahmat karyeraları üçün zəruri təcrübəni əldə edəcəklər", - Ş.Tağıyev bildirib.
Turnirin açılışında həmçinin şahmat üzrə dünyanın vitse-çempionu Sergey Karyakin, mərhum azərbaycanlı qrossmeysterin atası Qasım Həşimov çıxış ediblər. Onlar Vüqar haqqında xatirələrini bölüşüblər.
"Moskvada belə turnirlərin keçirilməsi sevindiricidir", - vitse-çempion S.Karyakin bildirib.
Turnirdə həm həvəskar, həm də peşəkarlar şahmatçılar iştirak ediblər.
Yarışın yekununda İqor Yaqupov qalib elan edilib. O, həmçinin Vüqar Həşimovun xatirəsinə həsr olunaraq keçiriləcək Şəmkir şahmat turnirinə fəxri qonaq kimi dəvət qazanıb.
report.az