Görkəmli bəstəkar Aqşin Əlizadənin anadan olmasının 80 illiyi qeyd olunacaq
17.5.2017

Mayın 22-də görkəmli bəstəkar, ictimai xadim, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadənin anadan olmasının 80 ili tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bu münasibətlə mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Qeyd edək ki, Aqşin Əlizadə Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biridir. Onun ilk milli tarixi qəhrəmanlıq baleti olan “Babək” əsəri, habelə “Qafqaza səyahət”, “Qəmli vals” baletləri, beş simfoniyası, süitaları, “Azərilər” kantatası, “Bayatılar” xor silsiləsi, skripka və orkestr üçün konserti Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir. Aqşin Əlizadə 1970-1994-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifələrində çalışmış, 50 ilə yaxın bir müddət ərzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynamışdır.

azertag.az