Beynəlxalq Muzeylər Günü münasibətilə muzey və qoruqlarda “Açıq qapı” günü elan olunacaq
18.5.2017

Mayın 18-də ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub. Bu mövzu insanlar arasında sülh əlaqələrinin inkişafında muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, mayın 18-dən 20-dək nazirliyin strukturuna aid muzey və qoruqlarda “Açıq qapı” günü elan olunacaq və günün mövzusu çərçivəsində silsilə tədbirlər keçiriləcək. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Üzeyir Hacibəylinin, Səməd Vurğunun, Tahir Salahovun ev-muzeyləri və digər muzeylərdə silsilə tədbirlər təşkil olunacaq.

ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında oynadığı mühüm rolu göstərməkdən ibarətdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə postsovet məkanında 1993-cü ildə ilk dəfə olaraq Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib. Milli Komitənin əsas fəaliyyəti ICOM-un işində iştirak etmək, Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylərlə əlaqə yaratmaq, dünya standartlarına uyğun normativ aktların qəbulunda, habelə mədəni irsin qorunması istiqamətində dünya muzeyləri ilə bir sırada öz işini davam etdirməkdən ibarətdir. ICOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var.

azertag.az