Arterial təzyiqin daim aşağı olması və digər pozulmalarla (hərarətin enməsi, halsızlıq, ayaqların və pəncələrin tərləməsi, dərinin solğun olması və s.) müşayiət olunan vəziyyət "hipotoniya" adlandırılır.
Əgər təzyiq az düşürsə, bu təhlükəli sayılmır. Lakin əgər təzyiq normadan 20% və bundan artıq düşürsə, hipotoniya insanın sağlamlığına ciddi ziyan vurur və bu halda mütləq kardioloqun və terapevtin müayinələrindən keçmək lazımdır. Hipotoniyaya qadınlarda kişilərlə müqayisədə 5 dəfə tez-tez təsadüf edilir. Əksər hallarda hipotoniyadan 20 yaşından 40 yaşına kimi olan qadınlar əziyyət çəkir.
Hipotoniyanın səbəbləri çoxdur:
- psixoloji travmalar, nevrozlar, xroniki yorğunluq, depressiyalar və s.
- kəllə-beyin travması,
- ziyanlı istehsalatda işləmək (kimyəvi sənaye, radiasiya ilə bağlı olan istehsalat və s.)
- peşəkar idman,
- güclü qanaxmalar (travma, əməliyyat nəticəsində, doğuşdan sonra qanaxmalar və s.),
- arterial təzyiqini aşağı salan preparatların lazım olandan artıq qəbulu,
- hamiləlik,
- irsiyyət. Həkimlərin müşahidələrinə görə, hipotoniyaya olan meyillilik irsən ötürülür.
Həmçinin hipotoniya bu kimi xəstəliklərin fonunda inkişaf edə bilər: kardiomiopatiya, xroniki ürək çatışmazlığı, onurğa sütunu boyun nahiyəsinin osteoxondrozu, mədə xorası, hepatit, anemiya, vərəm, şəkərli diabet, qara ciyərin sirrozu, qalxanvari vəzinin fəaliyyətinin pozulması və s.
Hipotoniya zamanı orqanizmin qanla təchiz olunması pozulur və bu müxtəlif simptomların inkişafına səbəb olur. Hipotoniyanın simptomları:
- halsızlıq, yorğunluq, yuxululuq. Hipotoniyadan əziyyət çəkən insanlar çox yatır, lakin yuxudan doymur, səhər çətinliklə oyanır və özünü dincəlmiş və gümrah hiss etmir. Axşamlar onlar daha fəal olur.
- soyuğa və istiyə, güclü səslərə və parlaq işığa həssaslığın artması,
- gözlərin qaralması,
- qadınlarda menstruasiyaların, kişilərdə - potensiyanın pozulması,
- yaddaşın pozulması, əmək qabiliyyətin aşağı olması,
- ürək nahiyəsində ağrılar, istənilən fiziki gərginliklər zamanı güclü ürək döyünməsi, təngnəfəslik,
- əzələlərdə və oynaqlarda ağrılar. Belə ağrılar sakit vəziyyətdə əmələ gəlir və insan hərəkət etdikdə yox olur. Bu əzələlərin pis qan təchizatı ilə izah olunur.
- meteohəssaslıq. Hipotoniyadan əziyyət çəkən insanlar hətta havanın cüzi dəyişməsinə reaksiya verir.
- bayılmalara meyllilik,
- hipotoniyadan əziyyət çəkən insanlar tez-tez əsniyir. Bunun səbəbi oksigenin çatışmazlığıdır.
Bir çox hallarda hipotoniya özünün heç bir əlamətlə büruzə vermir. Lakin hipotoniyanın əlamətləri meydana çıxdıqda mütləq həkimə müraciət etmək lazımdır ki, ağırlaşmalar inkişaf etməsin.
İlk növbədə həkim hipotoniyanın səbəbini təyin edəcək. Əgər müayinələr nəticəsində hipotoniyanın bu insanda olan hər hansı xəstəliklə (ürək, qalxanvari vəzi və s.) əlaqəsi aşkar olunarsa, bu halda əsas xəstəliyin müalicəsi təyin olunacaq.
Heç bir digər xəstəliklə bağlı olmayan, ilkin hipotoniyanın müalicəsində adətən tərkibində kofein maddəsi olan stimullaşdırıcı preparatlar təyin olunur. Həmçinin hipotoniya zamanı bəzi bitkilərin istifadəsi də çox effektlidir. Bu bitkilərin arasında: jenşen, exinaseya, eleuterokokk, yemişan və s.
Həmçinin belə insanlara B qrupu vitaminləri təyin olunur. Qidalanmada kalium (kartof, badımcan, ərik, kələm, qara qavalı və s.) və kalsiumla (süd məhsulları) zəngin olan qidaları artırın. Qidanı tez-tez və kiçik porsiyalarla qəbul etmək lazımdır.
İnsan yaşlaşdıqca ilkin hipotoniya əksər hallarda özü-özündən keçir, arterial təzyiq artır. Bəzi hallarda cavanlıqda hipotoniyadan əziyyət çəkən insanlarda illər keçdikcə hipertoniya xəstəliyi inkişaf edə bilər.
saglamolun.az