BMT-nin Cenevrə bölməsində Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbir “Millətlər sarayı”nda baş tutub.
Azərbaycan, Çin, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Polşa, Macarıstan və digər ölkələrdən olan 287 pianoçu müsabiqə boyunca 2 təsnifatda – gənclər və peşəkarlar kateqoriyalarında qüvvələrini sınayıblar. Final mərhələsində pianoçular Bethoven, Şopen kimi dünya şöhrətli bəstəkarların yaradıcılığına müraciət etməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də səsləndiriblər.
Münsiflərin qərarı əsasında üç pianoçu gənc iştirakçılar arasından, daha üç nəfər isə peşəkar iştirakçılar arasından seçilərək mükafata layiq görülüblər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 11-ci sinif şagirdi Cavid Yusifzadə isə “Gənc ümidlər” nominasiyası üzrə müsabiqənin qalibi olub. O, müsabiqənin xüsusi mükafatına layiq görülüb və Paris Konservatoriyasında təhsil almaq üçün təqaüd qazanıb.
BMT Cenevrə bölməsinin baş direktoru Mixael Möller və Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxışlarında beynəlxalq müsabiqənin musiqinin, incəsənətin təbliğində xüsusi rola malik olduğunu vurğulayıb, müsabiqəyə qatılan gənc istedadları bəşəriyyətdəki sülhün, sabitliyin və inkişafın gələcək təminatçısı adlandırıblar.
Mərasimdə Heydər Əliyev Fondunun ölkəmizdə, eləcə də ölkəmizdən kənarda musiqinin, incəsənətin təbliğindəki əvəzsiz xidmətləri xüsusilə qeyd edilib.
Müsabiqənin təşkilatçısı və rəhbəri Adilə Əliyeva bildirib ki, artıq bu müsabiqənin dünya musiqi arenasında özünəməxsus yer tutması fəxr olunası haldır. Təcrübə göstərir ki, bu müsabiqədə uğur qazanan laureatlar uğurlarını digər müsabiqələrdə də davam etdirirlər. O deyib: “Məsələn, sonuncu Çaykovski festivalının 7 finalçısından 4-ü bizim müsabiqənin finalçısı olub. Heydər Əliyev Fondu müsabiqənin keçirilməsinə böyük dəstək göstərir. Mən bu əvəzedilməz töhfəyə görə, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürlərimi bildirirəm”.
Daha sonra Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Vaqif Sadıqov rusiyalı pianoçu Dmitriy Sinə Heydər Əliyev Fondunun xüsusi mükafatını təqdim edib. Mükafatçılar sırasında gənc rusiyalı pianoçusu Alisa Stekolşikova tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərinin ən yaxşı interpretasiyası üçün xüsusi mükafat ilə təltif edilib.
Mərasim müsabiqədə qalib gəlmiş pianoçuların ifasında konsert proqramı ilə davam etdirilib. Konsert zamanı səsləndirilən dünya klassik musiqi inciləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
azertag.az