Dərdə dərman çiçəklər
22.5.2017

Çiçəklər təbiətin və fəsillərin yaraşığı, sevinc və kədərli günlərimizin şərikidir. Alimlər çiçəklər haqqında maraqlı fakt üzə çıxarıblar: onlar təkcə estetik zövq predmeti deyil, həm də beynin xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayır. Çin alimlərinin araşdırmalarına görə, nərgiz, novruzgülü, lavanda və zəfəran çiçəkləri bu sahədə bir sıra müalicəvi xüsusiyyətlərə malikdir.

Novruzgülünün tərkibində qalantamin maddəsi əqli zəiflik və beyin qan dövranının xroniki pozulması zamanı faydalıdır. Həmin maddə nərgizin tərkibində də var və onun xərçəng əleyhinə təsirə malik olduğu güman edilir. Sidneyli alimlər müəyyən ediblər ki, zəfəran gözün buynuz qişasının qidalanmasını yaxşılaşdırır və görməni itiləşdirir, lavanda qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, ağrıları və aqressivliyi azaldır. Südləyən gülü isə beyin hüceyrələrini qocalmadan qoruyur.

Jasmin gözəlliyi ilə yanaşı məişətdə və tibbdə faydalı şəkildə istifadə olunan bitkidir. Fransada onun gövdəsindən fleyta və tütək hazırlayırlar, Çində isə onu çaya əlavə edirlər. Jasminin cavan yarpaqlarından ətriyyat kimi də istifadə edirlər. Onunla gözləri yumaq çox faydalıdır. Alimlərin fikrincə, onun ətri beyni canlandırır, yaradıcılığı və orijinal ideyaları stimullaşdırır.

Təmiz, durğun şirin su və göl səthində yetişən ağ su zanbağı əsəblərin sakitləşməsində, fikir dağınıqlığının aradan qaldırılmasında istifadə edilir.


azertag.az