Xalq Rəssamı Davud Kazımovun xatirəsinə həsr olunmuş sərgi açılacaq
23.5.2017

Mayın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Davud Kazımovun 90 illiyinə həsr olunmuş sərgi açılacaq.

Muzeydən bildirilib ki, sərgidə rəssamın “Şahdağ”, “Göygöl”, “Şamaxı yolu”, “Çöl gülləri”, “Batabat”, “Abşeron mənzərəsi” kimi tabloları nümayiş olunacaq.

Qeyd edək ki, Bakıda dünyaya göz açan D.Kazımovun rəssam kimi yetişməsində görkəmli fırça ustalarının əməyi olub. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətimizdə orijinal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoymuşdur. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.

Rəssam Azərbaycan təbiətinin gözəlliklərini, xalqımız etnoqrafik incəlikləri və adət-ənənələrini, zəhmət adamlarının həyat tərzini rənglərin dilli ifadə edib. Unudulmaz rəssamın bənzərsiz yaradıcılığı nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda yüksək dəyərləndirilərək sevilib.

azertag.az