Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının və dil normalarının qorunması ilə bağlı təkliflər verilib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli bildirib ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntuları ilə bağlı araşdırmalar aparıb.
Onun sözlərinə görə, Monitorinq şöbəsi dil pozuntularının aradan qaldırılması üçün tövsiyələr hazırlayıb: "Tövsiyələrdə bununla bağlı cərimələrin tətbiq edilməsi mexanizminin hazırlanması məqsədilə yuxarı instansiyalara müraciət edilməsi təklif olunur. Azərbaycan dilinin orfoepiya lüğətinin təkmilləşdirilərək böyük tirajla çap edilməsi və geniş kütlələr arasında yayılması, orta ümumtəhsil və ali məktəblərdə Ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparması da təklif edilib. Müəssisələrdə işə qəbul zamanı azərbaycanlılardan və başqa etnik qrupların nümayəndələrindən dövlət dilindən lazımi səviyyədə imtahan götürülməsi və inşa yazılması tövsiyə edilir".
report.az