M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin (BŞMTBİ) təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi geniş konsert proqramı ilə qeyd olunub.
İdarədən bildirilib ki, unudulmaz sənətkarın xatirəsini bir daha yada salmaq, onun yaradıcılığını gənc nəsillərə daha yaxından tanıtdırmaq məqsədi daşıyan bu tədbir əsl musiqi bayramına çevrilib.
Konsertdə ölməz sənətkarın adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.
Konsertdə BŞMTBİ-nin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı müslümsevərlər iştirak edib.
Gecədə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim edilib.
Məktəbin respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət “Fantaziya” qrupu, gənc solistləri M.Maqomayevin ən gözəl mahnılarını məharətlə səsləndiriblər.
azertag.az