Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol (qəbirlər) aşkar olunub. AMEA-dan verilən məlumata görə, nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən ərazidə aparılan tədqiqatlar zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb. Tədqiqat zamanı arxeoloqlar tərəfindən 28 qəbir açılıb, onlardan 18-i təmizlənərək öyrənilib. Daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələri tapılıb.
Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.
Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatların daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.
trend