Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir.
Hazırda qüvvədə olan qanuna əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.
Mövcud qanunvericiliyə əsasən, həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan yalnız vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə, istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə, yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə, hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduğu hallarda açıqlana bilər:
Dəyişiklik layihəsinə əsasən, bundan sonra həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə həkim sirri açıqlana bilər.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
report.az