“Mənim düşüncəm-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək
1.6.2017

İyunun 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim düşüncəm-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

Mərkəzdən bildirilib ki, məqsəd uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsinə xidmət etməkdir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə elan olunan respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Şabran Şəhər Tofiq Abbasov adına 1 nömrəli məktəb, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı rayon 11 illik İncəsənət Məktəbinin rəssamlıq şöbəsi, “Xətai” Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zığ qəsəbəsi Mədəniyyət evi rəssamlıq kursu, Xırdalan qəsəbəsi “Uğur” tədris mərkəzi, Sumqayıt şəhər Bülbül adına və Səid Rüstəmov adına uşaq yaradıcılıq studiyasının təmsilçiləri xüsusi fəallıq göstəriblər.

Ümumilikdə Bakı və Bakıətrafı kəndlərinin müxtəlif məktəblərindən 500-dən çox uşaq 1400-yə yaxın əl işi təqdim edib. Sərgidə 190 uşağın 200 əsəri nümayiş olunacaq.



azertag.az