Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri ilə bağlı beynəlxalq konfrans keçirilir
5.6.2017

İyunun 5-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış” mövzusunda konfrans işə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əlaqələrin böyük perspektivləri var.

Novruz Məmmədov bildirib ki, Azərbaycan, Rusiya və İran arasında iki il əvvəl yaradılmış Şimal-Cənub dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini qoruyub saxlayır. Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.

Prezidentin köməkçisi qeyd edib ki, Cənubi Qafqazın əhəmiyyətli region olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Amma nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür.

Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məsud Özcan bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı ölkələr arasında siyasi, iqtisadi və ictimai həmrəyliyə təkan verməkdə davam edəcək. Bu formatla yanaşı, Türkiyə, Azərbaycan, İran, Türkmənistan arasındakı əməkdaşlıq formatları da bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq ehtiyacını ciddi şəkildə həll etməyə çalışır. Bu formatlarla paralel, akademik və cəmiyyət səviyyəsində də təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək, bu problemlərin beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür səy göstərir. Bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Azərbaycanı və Gürcüstanı dəstəkləməkdə davam edəcəyik.

Gürcüstanın Avropa İttifaqı Tədqiqatları Mərkəzinin direktoru, Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun təmsilçisi Kaxa Qeqolaşvili deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar. Əməkdaşlığı gücləndirmək üçün hər üç ölkədə istək var. Ölkələrimiz ortaq siyasi tarixə malikdir. Geosiyasi mövqeyimiz də bölgədə sülh və sabitliyi, xalqlarımızın rifahını təmin etmək üçün bizə imkan verir. Əlaqələrimizin keyfiyyəti çox yüksəkdir. Üçtərəfli əməkdaşlıq vacib məsələdir. İlk növbədə bu, ölkələrin narahatlıqlarını müzakirə etməyə təkan verir. Əməkdaşlıq ölkələrimizin və xalqlarımızın maraqlarına əsaslanır. Hər üç ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Avropa İttifaqı ilə Assosiativ Saziş imzalayıb. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi müzakirə olunur. Azərbaycan isə Avropa İttifaqı ilə yeni Saziş üzrə danışıqlar aparır. Hər üç ölkə geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu sahədə də əməkdaşlığımız vacibdir. Biz Avratlantik inteqrasiyada bir-birimizi dəstəkləyirik.



azertag.az