BMT-nin Azərbaycan nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “İDEA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit günü Qala Dövlət Tarix - Etnoqrafiya Muzeyində qeyd edilib. Tədbirə BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi Qulam İshaqzai və ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da qatılıb.
Tədbirdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 7-10 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi üçün çəkilmiş şəkillərdən ibarət sərgi təşkil edilib. Rəsm müsabiqəsinin mövzusu "Ətraf mühit və insan sağlamlığına məişət tullantılarının mənfi təsirlərini azaldaq" olub.
Q. İshaqzai bildirib ki, Ümumdünya Ətraf Mühit günü 1974-cü ildən qeyd olunur. O bildirib ki, bu il Ümumdünya Ətraf Mühit gününün mövzusu insanların təbiətə daha da yaxınlaşdırılması ilə bağlıdır.
Q. İshaqzai əlavə edib ki, uşaqlar təbii olaraq ətraf mühiti qorumağa meyllidirlər: "Uşaqlar ətraf mühitlə bağlı çox həssasdırlar. Onlar ağac əkmək, təmizlik işləri aparmaq, heyvanların qayğısına qalmaq üçün öz vaxtlarını və səylərini sərf etməyə hazırdırlar".
BMT Baş katibinin Ümumdünya Ətraf Mühit günü ilə bağlı bəyanatı səsləndirilib.
Nazir H. Bağırov təbiəti sevməyin zəruriliyini vurğulayıb. H. Bağırov təəssüflə bildirib ki, ölkədə şirlər qalmayıb: "Azərbaycanda sonuncu pələngi isə 1968-ci ildə görüblər".
Sonda müsabiqə qalibləri mükafatlandırılıb.
apa.az