Meksika-Azərbaycan arasında neft sektorunda əməkdaşlıq güclənir
6.6.2017

31 may-3 iyun tarixlərində Meksika Neft İnstitutunun mütəxəssisi Viktor Xerardo Ortiz Qayardo Bakıda səfərdə olub.

Bu barədə Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Meksika Neft İnstitutunun təmsilçisi 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlib. Azərbaycanda olduğu müddətdə o, bir sıra dövlət qurumlarında müxtəlif görüşlər keçirib.

Meksikalı mütəxəssis Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov və Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılovla görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın perspektivləri və onun gələcək inkişafının yolları müəyyən edilib.

Meksika Neft İnstitutu neft sahəsinə aid Meksikanın tədqiqat mərkəzidir. Mərkəzləşdirilməmiş dövlət tədqiqat mərkəzi olaraq neft sənayesi üçün texnologiya biliklərini və dəyərli xidmətləri dəyişmək və neft sənayesinin inkişafına töhfə verən tanınmış əməkdaşlar, texnologiya və xidmətlərlə beynəlxalq səviyyəli dövlət tədqiqat mərkəzi olmaq məqsədi daşıyır.

Neft Meksika üçün ən vacib enerji mənbələrindən biridir. Ölkədə istehlak olunan enerjinin 88%-i bu karbohidrogenin payına düşür – hər hansı ölkənin əsas iqtisadi göstəricilərindən biri. Təsdiq olunmuş 12 min 350 milyon barel neft ehtiyatları ilə Meksika dünyada xam neftin həcminə görə 14-cü yerdədir.

trend