Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.
Səfər çərçivəsində S.Müslümov Əfqanıstan İslam Respublikasının əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb. S.Müslümov bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə bütün sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində böyük inkişaf yolu keçib. Bu sahə üzrə dünyanın sivil yanaşmaları əsasında hüquqi normativ baza, sosial cəhətdən həssas qruplar üçün etibarlı və dayanıqlı sosial müdafiə sistemi, qabaqcıl texnologiyalar üzərində fəaliyyət mexanizmləri yaradılıb.
Nazir son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında yaradılan əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı üçün müraciət və təyinat üzrə elektron sistem, həmçinin əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem barədə F.Z.İbrahimiyə məlumat verib. “Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək bazarına birbaşa, obyektiv və çevik nəzarət mexanizminin formalaşdırılması kimi hər bir ölkə üçün aktual olan məsələnin həllinə, əmək münasibətlərinin real və dəqiq mənzərəsini istənilən vaxt müşahidə etməyə imkan verir. Digər elektron sistemlərimiz kimi, bu sistem də beynəlxalq səviyyədə dəfələrlə yüksək dəyərləndirilib. Bir qədər əvvəl isə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən müsabiqəyə təqdim olunmuş 345 elektron layihə sırasından əmək müqavilələrinin elektron qeydiyyatı sistemi müvafiq nominasiya üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasına daxil edilib”, - deyə S.Müslümov əlavə edib.
Azərbaycanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edən nazir özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. O bildirib ki, dövlət tərəfindən verilmiş aktivlər hesabına işsiz və işaxtaran şəxslər biznes-planlarını uğurla həyata keçirir və ailə əməyinə əsaslanan təsərrüfatlarını qururlar. Eyni zamanda, müsbət nəticələrdən biri kimi, BƏT-in dəstəyi ilə özünüməşğulluq proqramı üzrə Azərbaycanda beynəlxalq sertifikatlı təlimçilər qrupu da formalaşıb.
Müzakirələr zamanı S.Müslümov Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətə başlamasından sonra daha da güclənəcəyini vurğulayıb: “Mərkəz BƏT-in mühüm prinsiplərinə uyğun olaraq, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi üzrə fəaliyyətin təşkili və s. sahələrdə ölkələrimizin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığına əlverişli şərait yaradacaq”.
Öz növbəsində F.Z.İbrahimi ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla bütün sahələr üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. O diqqətə çatdırıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində fəaliyyətin müasir tələblərə uyğun qurulması, aktiv əmək bazarı proqramlarının hazırlanması Əfqanıstan üçün də vacib məsələlərdən biridir. Həmin sahələrdə Azərbaycanın iş təcrübələrini öyrənməkdə, ölkəmizlə bu sahələrdə geniş təcrübə mübadilələri aparmaqda maraqlı olduqlarını bildirən F.Z.İbrahimi İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
azertag.az