Rus bölməsinin abituriyentləri "Azərbaycan dili" fənnindən imtahan verəcək
8.6.2017

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

Mərkəzdən verilən məlumata görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq.

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” DİM-in internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:

• “İmtahana buraxılış vərəqəsi”;

• şəxsiyyəti təsdiq edən sənədin əsli.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb.

trend