Mədəniyyət işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
16.6.2017

İyunun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir.

Nazir qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində təqdim edilən mükafatlar ikiqat bayram ovqatı yaradır: “Heydər Əliyev Azərbaycan xalqının taleyində misilsiz rol oynayan dahi şəxsiyyətdir. Bu gün bu zalda əyləşən insanlar onun fəaliyyətinin şahidləridir. Azərbaycan son illər böyük inkişaf yolu keçib və bu inkişafın bünövrəsində Heydər Əliyevin mövqeyi, strateji təfəkkürü durur. Onun fəaliyyəti hamımız üçün örnəkdir. 24 il əvvəl xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər bu gün demokratik və dinamik inkişaf edən Azərbaycanı bizə hədiyyə etdi. Milli Qurtuluş Günü bizim üçün müstəqilliyin yeni mərhələsidir və hamımız Heydər Əliyevin qurduğu müstəqil ölkənin inkişafı üçün öz töhfəmizi verməliyik”.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusilə vurğulayıb. Bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz əməyi sayəsində xalqımızın mədəniyyəti beynəlxalq aləmdə təbliğ olunur.

Qeyd edilib ki, Prezident İlham Əliyev müxtəlif sahələrdə çalışan insanların əməyini hər zaman yüksək qiymətləndirir.

“Bu gün mükafatlandırılan insanlar ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirərək mədəniyyətimizə xidmət edən şəxslərdir. Fəxri adlar yaradıcı potensialın güclənməsinə stimul verir. Bunun müqabilində hər bir yaradıcı insan daha da şövqlə yaşayıb-yaratmalıdır”, - deyə nazir vurğulayıb.

Sonra Əbülfəs Qarayev Afaq Vəliyevaya (Afaq Məsud) “Şöhrət” ordenini, həmçinin Aqşin Abdullayev, Zakir Ağayev, Makar Ferştandt, Anar Heybətov, Fuad İbrahimov, Əyyub Quliyev, İlham Nəzərov və Nazir Rüstəmova “Əməkdar Artist”, Rəşad Əhmədzadə və İslam Həsənova “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarının nişan və vəsiqələrini təqdim edib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmiş bir qrup şəxsə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq Afaq Məsud və dirijor Əyyub Quliyev çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzulayıb.

azertag.az