Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin açılışı olub.
Açılış mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərkəzin direktoru Şahin Məmmədov bildirib ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin I korpusu 1939-cu ildən fəaliyyət göstərir.
İstifadəyə verildiyi vaxtdan bu günə kimi əsaslı təmir işləri aparılmayan binanın texniki bazasına 2 mərtəbəli inzibati bina-tədris korpusu, 4 mərtəbəli 150 yerlik şagird yataqxanası, 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti daxildir.
Hazırda liseydə 9 ixtisas üzrə tədris aparılır. Həmin ixtisaslarda 336 şagird peşə öyrənir. Ümumilikdə 18 istehsalat təlim ustası, 24 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Əsaslı təmir nəticəsində bina müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilərək 150 nəfərlik yataqxana tam təmir edilib. Yeni tipli mini stadion inşa edilərək şagirdlərin istifadəsinə verilib. Mərkəzin həyətində idman alətləri, tennis və müxtəlif idman stolları quraşdırılıb.
400 kv.m məktəbyanı sahə, 100 yerlik yeməkxana, oxu zalı olan kitabxana, akt zalı yenidən təmir edilib. Bundan başqa emalatxanalar lazımi avadanlıqlarla təchiz edilərək, şagirdlərin istifadəsinə verilib. Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 150-dən çox ağac və bəzək kolları əkilib.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev öz tapşırıq və tövsiyyələrini verib.
E.Vəliyev Prezident İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığını bildirərək, xatırladıb ki, əvvəllər Gəncədə mövcud olan 3 peşə məktəbi və 3 peşə liseyi hazırda iki baza əsasında birləşdirilib. Onlardan biri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, digəri isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinə çevrilib: "Məqsəd isə bu günün tələbinə uyğun mütəxəssislərin hazırlanmasıdır".
O qeyd edib ki, yaxın zamanlarda daha bir peşə məktəbinin açılışı olacaq. Bununla da şəhərdə olan bütün peşə məktəbləri və liseylərin maddi texniki bazasının möhkəmlənməsi istiqamətində lazımi tapşırıqlar yerinə yetirilmiş olacaq.
Çıxışlardan sonra icra başçısıvə digər qonaqlar binada şagirdlər üçün yaradılan şəraitlə, sinif otaqları, laboratoriyalar, zal, kitabxana və yataqxana ilə tanış olublar.
report.az