Sürücülərin nəzərinə: 2 ay ərzində 3 dəfə cərimələnə bilərsiz
16.6.2017

İyunun 7-dən icbari sığortası olmayan avtomobil sahiblərinin elektron protokolla cərimə edilməsinə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, iyunun 10-dək olan məlumata əsasən, 3266 sürücü cərimələnib. Qanunvericiliyə görə, sürücü 20 gün ərzində avtomobili sığorta etdirməzsə, yenidən protokol tərtib ediləcək. Yəni sığortası olmayan avtomobilin sürücüsü iyunun 7-də cərimə edilibsə və onun barəsində tərtib edilən elektron protokoldan xəbəri yoxdursa, 20 gündən sonra yenə də MMX protokol tərtib edilə bilər.

Bəs vəziyyətdən necə çıxmaq olar? Sürücülər cərimələr barədə necə məlumat almalıdır?

Məlum olduğu kimi, hazırkı qanunvericilikdə sürücülərin ASAN ödəniş sistemində elektron kabinet yaratması tövsiyə olunur. Hər bir sürücü Asanpay.az saytına daxil olaraq müvafiq məlumatları qeyd etməklə çox sadə şəkildə elektron kabinet yarada bilər. Sürücü bura öz mobil telefon nömrəsini və E-mail ünvanını daxil edir ki, bu da onun cərimələr barədə məlumat almasını, bu cərimələri online qaydada ödəyə bilməsini, protokolla razılaşmadığı halda şikayət etmək imkanlarını genişləndirir. Yol polisinin tərtib etdiyi elektron protokollar sizin ünvanınıza çatdırılmasa belə, siz elektron kabinet və ya SMS vasitəsilə dərhal xəbər tutacaqsınız.

Yeri gəlmişkən, qanun tələb edir ki, elektron kabinetə yerləşdirilməyən protokola görə yol polisi sürücünü cəzalandıra, avtomobili saxlaya və cərimə meydançasına apara bilməz. Eyni zamanda, bir ay ərzində elektron kabinetə yerləşdirilməyən protokola görə sürücünü məsuliyyətə cəlb etmək olmaz. Hətta bir aydan sonra elektron protokolu sürücünün elektron kabinetinə yerləşdirdiyinə görə yol polisini 200 manat cərimə gözləyir.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər - fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.

oxu.az