Xalq Artisti Sona Hacıyevaya həsr edilmiş kitab nəşr olunub
19.6.2017

Azərbaycan kinosunun müqtədir aktrisalarından olan, Xalq Artisti Sona Hacıyevanın anadan olmasının 110 illiyinə həsr edilmiş kitab nəşr edilib.

“Sona Hacıyeva -110 yubiley” adlı yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabda sənətkarın ömür yolundan və yaratdığı obrazlar qalereyasından geniş söz açılıb.

Kitabın ilk səhifəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri olmuş, Xalq Artisti Şəmsi Bədəlbəylinin kollektiv adından Sona Hacıyevanın 60 illik yubileyinə ünvanlandığı təbrik məktubu ilə açılır.

Böyük əhəmiyyətə, biblioqrafik dəyərə malik kitabda həm Sona Hacıyevanın həyat və fəaliyyəti, həm də müasirlərinin onun haqqında dedikləri dəyərli fikirlərin əksəriyyəti dərc edilib. Kitabda o dövrün afişalarını və tamaşaları əks etdirən fotolar da yer alıb. Kitabı aktrisanın qız nəvəsi Sona Əhmədova tərtib edib.

Qeyd edək ki, Sona Hacıyeva 1907-ci ildə Şəkidə anadan olub. Bir yaşında ikən atası rəhmətə getdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov (böyük Azərbaycan xanəndəsi Bülbülcan) himayəsinə götürüb.

Əslən Şuşalı olan Sona xanımın anası Bülbülcanın qızı, Əməkdar Artist Əzizə Məmmədova Azərbaycan teatrı və kinosunun ilk milli, professional aktrisalarından biri olub. O, da Azərbaycan teatrında, kinosunda yaddaqalan obrazlar yaradıb. Məşhur “O olmasın, bu olsun” filmində Sənəm, “Görüş” filmində Şövkət xala obrazları ilə əbədiyaşarlıq qazanıb. Əzizə xanımın anası, Sona xanımın nənəsi, Bülbülcanın həyat yoldaşı Nisə Zülalova “Fətəli xan” kinosunda epizodik rolu, ana obrazını çox böyük məharətlə ifa edib.

Belə bir görkəmli sənətkarlardan tərbiyə alan S.Hacıyeva ilk addımlarından böyük uğurlar qazanıb. Təsadüfi deyil ki o, qüdrətli dramaturq C.Cabbarlının diqqətini çəkib. C.Cabbarlı çox böyük səxavətlə bu gənc qız haqqında xoş sözlər deyib: “Azərbaycanlı aktrisalar içərisində diqqətimi cəlb edən qüvvətli simalardan biri də Sona Hacıyevadır... Sovet səhnəsi bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdir”.

Sona xanımın yaradıcılığında C.Cabbarlı dramaturgiyası mühüm rol oynayıb. “Od gəlini”ndə Solmaz, “Sevil”də Gülüş, Sevil, “Yaşar”da Yaqut, “Almaz”da Almaz və o dövrdə səhnələşdirilən digər tamaşalarda həm lirik, həm komik rolları böyük məharətlə ifa edib. Teatrda, ümumiyyətlə 150-dən çox rol oynayan qüdrətli sənətkar, “Azərbaycanfilm kinostudiyası”nda “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. O, Hacıməmməd Qafqazlı, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Münəvvər Kələntərli, Mərziyyə Davudova kimi görkəmli aktrisalarla, aktyorlarla tərəf müqabil olub, oynadığı rolları məharətlə yaradıb, öz möhürünü vurub.

Opera sənətimizin incə səsli Leylisi, Əslisi, Şahsənəmi, Asyası olan Sona Hacıyeva təbiiliyi, koloritli xalq yumoru, çevik improvizə bacarığı ilə realist aktyor məktəbinin səciyyəvi sənətkarlarından biri kimi tarixiləşib. O, öz məlahətli səsi, oxu texnikası ilə opera və operettalarda ariozoları, kupletləri ürəyəyatımlı tərzdə oxuyub və yaddaşlarda əbədi iz qoyub.

Sona Hacıyeva 1941-1945-ci illərdə hərbi xəstəxanalarda, orduda döyüşən əsgərlər qarşısında, fabrik və zavodlarda tez-tez çıxışlar edib. Fədakar əməyinə görə, o, bir çox orden və medallarla təltif edilib, fəxri fərmanlara layiq görülüb.

Sona xanım 1979-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.


azertag.az