Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.
AMM-in əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təqdim olunan kitablar haqqında məlumat verib.
Mərkəzin direktoru Şaxodat Əhmədova belə kitab kolleksiyası təqdim etdiyinə görə AMM-ə minnətdarlığını bildirib, bu kitabların gənclərin istifadəsinə veriləcəyini deyib. O qeyd edib ki, bu sahədə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Kitab kolleksiyasına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlarla bağlı nəşrlər, Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması, Olimcon Buriyevin tərcüməsində Nizami Gəncəvinin "Xəmsə"si, "XX əsr Azərbaycan poeziyası antologiyası", "Azərbaycanın mədəni irsi", "Azərbaycan yazıçılarının hekayələri", Məhəmməd Füzulinin "Qəlb gövhəri", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), "Müasir Azərbaycan şairlərinin şeirləri", tanınmış yazıçı Yunus Oğuzun "Sultan Alp Arslan", "Şah arvadı və cadugər" romanları, Xalq Yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", özbək tarixçisi Şuxrat Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" və "Qarabağ: ideyalar müharibəsi" kitabları və digər nəşrlər daxildir.
Səmərqənddə Azərbaycan mədəniyyəti günləri davam edir.
azertag.az