Sərnişinlərin nəzərinə: Bakıda bu avtobuslar 20 saat işləyəcək
20.6.2017

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 şəhərciyi"nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları məlum olub.

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 5, 53 və 65 saylı marşrutlar üzrə hərəkət edən avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, həmin avtobuslar 20 saatlıq rejimlə işləyəcəklər və sıxlığın minimuma endirilməsi üçün çalışacaq.

day.az