“İpək Yolu” festivalı çərçivəsində musiqisevərlərə polyak və macar musiqiləri təqdim olunub
29.6.2017

Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü axşam Şəki xanlarının sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub.

Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alan polyak musiqiçi dəfələrlə xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb.

Konsertin ikinci hissəsində tamaşaçılar “Guessous Mesi Trio” qrupunun çıxışını izləyiblər.

Məlumat verilib ki, musiqi qrupu macar və türk xalq mahnılarının qovuşmasından yaranan kompozisiyaları ifa edir. Eyni zamanda, qrupun solisti Mesinin ifasında Mərakeş musiqi ənənələri də özünü göstərir. Mesi bu qrupla Macarıstanda, eləcə də İspaniya, ABŞ, Kanada, Türkiyə, Bəhreyn və digər xarici ölkələrdə konsertlər verib. Qrupun konsertləri Türkiyədə də çox sevilir.

Ania Brodanın və “Guessous Mesi Trio” qrupunun ifa etdikləri ruh oxşayan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda təşkilatçılar adından Ania Broda və macar musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

Xatırladaq ki, festivalın proqramına uyğun olaraq, iyunun 29-da musiqisevərlər günorta saatlarında Azərbaycan Televiziya və Radiosunun C. Cahangirov adına Xorunun, axşam saatlarında isə İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konsertlərini izləyəcəklər.

azertag.az