Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ilin sonuncu mərkəzləşdirilmiş qaydada buraxılış imtahanını keçirəcək.
DİM-dən verilən məlumata görə, həmin gün ümumilikdə 57910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32388, XI sinif üzrə 25522).
İmtahanda Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə )şagirdlər iştirak edəcək.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.
Şagirdlər imtahana - “İmtahana buraxılış vərəqəsi”; - şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
publika.az