Rusiyanın Ulyanovsk vilayəti vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
3.7.2017

Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) beynəlxalq şöbəsinin müdiri Elnur Hümbətov ilə görüşüb.
Ulyanovsk vilayətinin qubernatoru və hökumətinin saytına istinadən xəbər verilir ki, tərəflər memorandum ilə möhkəmləndiriləcəyi planlaşdırılan əməkdaşlığın mümkün istiqamətlərini nəzərdən keçirib.
"Azərbaycanda sadə camaatın rifahı naminə fəaliyyət göstərən yüksək texnologiyaların inkişafında çox şey əldə olunub. Bu gün "Ağıllı region" konsepsiyasına daxil edilən nailiyyətlərimizdən istifadə ilə yanaşı, bu unikal təcrübədən faydalanmaq imkanımızın olması da vacibdir", - deyə S.Morozov qeyd edib.
E.Hümbətov isə öz növbəsində qubernatora Azərbaycanda "ASAN" mərkəzlərinin işini təqdim edib. Onun sözlərinə görə, ailə biznesinə, İT texnologiyalarının inkişafına, ictimai xidmətlərin sürətinin artırılmasına dövlət dəstəyinin təmin edilməsi kimi sahələrdə əməkdaşlıq mümkündür.
"Hazırda Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Nəyə görə də mehriban qonşuluq münasibətlərimizi bu istiqamətdə də əlaqələndirməyək?!", - E.Hümbətov bildirib.

report.az