Xalq artisti Xumar Zülfüqarova vəfat edib
3.7.2017

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın xalq artisti, “Şöhrət” ordeni kavaleri Xumar Rza qızı Zülfüqarova 2017-ci il iyulun 2-də ömrünün 90-cı ilində vəfat edib.

Xanım Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyin ilk baş baletmeysteri olub.

Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş X.Zülfüqarova Qara Qarayevin “Yeddi gözəl” baletində, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında çıxış edib, həmçinin bir sıra kinofilmlərdə rol alıb.

1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan sənəkarın 60 il ərzində bir neçə rəqqas və xoreoqrafın yetişdirilməsində müstəsna xidmətləri olub.

trend.az