Riqada, Latviyanın ən iri kitabxanalarından biri olan Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan İnformasiya Mərkəzinin açılışı olub.
Azərbaycanın Latviyadakı səfirliyi Akademik Kitabxanaya Azərbaycanın zəngin mədəni irsini əhatə edən 500 addan çox dəyərli kitab hədiyyə edib.
Təqdimatı olan nəşrlər arasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyətləri haqqında, habelə tarix, fəlsəfə, ədəbiyyat, musiqi mövzusunda kitablar, Azərbaycan yazıçı və şairlərinin əsərlərinin külliyyatı var.
Kolleksiyada Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - tariximizin qanlı və şərəfli səhifəsi” kitab-albomu da yer alıb.
Kitablar arasında latış şairi Uldis Berzinş tərəfindən tərcümə olunmuş “Kitabi Dədə-Qorqud” dastanı, habelə “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev tərəfindən latış dilində yazılmış “Azərbaycan tarixi” kitabı var.
Azərbaycan səfiri Cavanşir Axundov qonaqları salamlayaraq vurğulayıb ki, Azərbaycan İnformasiya Mərkəzi Azərbaycan-Latviya əlaqələrinin dərinləşməsində və inkişafında, Latviya azərbaycanlılarının milli və mədəni identikliyinin qorunub saxlanılmasında mühüm rol oynayacaq. Səfir deyib: “Ümidvaram ki, Mərkəz Azərbaycanın təbliğat ocağına çevriləcək və Azərbaycan mədəniyyətinə məhəbbət aşılayacaq”.
C.Axundov diqqətə çatdırıb ki, Akademik Kitabxanaya bağışlanan kitablar Azərbaycan xalqının qürur mənbəyi olan tarixinə, maddi mədəniyyət abidələrinə, zəngin ədəbiyyatına, incəsənətinə və musiqisinə dair materialları əhatə edir.
İnformasiya Mərkəzinin açılışının Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən aktuallığını qeyd edən C.Axundov Ermənistanın Azərbaycana təcavüzündən, əzəli torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən danışıb. O deyib: “Biz ümidvarıq ki, bu mərkəz Latviya cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqının tarixinin və zəngin mədəni irsinin erməni təbliğatı tərəfindən saxtalaşdırılması barədə düzgün və ədalətli məlumatlandırılmasına kömək edəcək”.
Latviya Universitetinin prorektoru Valdis Seqlinş çıxışında Mərkəzə iki xalqın rifahı naminə fəaliyyətində müvəffəqiyyət arzu edib.
Akademik Kitabxananın direktoru Venta Kotsere deyib ki, başqa dövlətin tarixi və mədəni irsi ilə tanışlıq dünyagörüşünü həmişə genişləndirir. O, Latviya və Azərbaycan kitabxanaları və mədəniyyət ocaqları arasında əlaqələri daha da inkişaf etdirmək və onları dəstəkləmək arzusunu ifadə edib. Latviyanın ən iri kitabxanalarının birində belə bir Mərkəzin açılmasına görə Azərbaycan səfirinə təşəkkür edən V.Kotsere Latviyanın yubileyi münasibətilə Bakı Dövlət Universitetində də Latviya İnformasiya Mərkəzinin açılması təklifini irəli sürüb.
“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev Mərkəzin açılışını həm Latviya, həm də Azərbaycan üçün əhəmiyyətli hadisə adlandıraraq vurğulayıb ki, informasiya və mədəni müxtəlifliyi ilə seçilən bu informasiya resursunun yaradılması təkcə latviyalı tədqiqatçıların deyil, həm də həmvətənlərimizin lazımlı informasiya əldə etmələrinə imkan verəcək.
Tbilisi Universitetinin professoru Nikolay Cavaxişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan qardaş xalqlar və mehriban tərəfdaşlardır.
C.Axundov Azərbaycan İnformasiya Mərkəzinin açılışının təşkilinə töhfəsinə görə Akademik Kitabxananın direktoru V.Kotsereyə fəxri fərman təqdim edib. Mərkəzin açılışına maliyyə dəstəyi göstərən azərbaycanlı sahibkarlar Rafiq Seyfullayevə və Ziyafət İbrahimova da fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, Akademik Kitabxananın fondlarında 1,3 milyon kitab, 1,8 milyon dövri nəşr, təqribən 1 milyon əlyazma, 32 700 nadir kitab və qədim mətbu nəşr saxlanılır.
azertag.az