Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya təminatı sahəsində Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələrin aparılması məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyətinə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Pensiya Təminatı Departamentinin direktor müavini Svetlana Komarova, Hüquq və Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Denis Korsakov, Rusiya Federasiyasının Pensiya Fondunun Pensiya Təyinatı və Ödənişinin təşkili Departamentinin rəis müavini Tatyana Pokladova, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin üçüncü sədri Mariyam Semenova və başqaları daxildir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir müavini dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, son illərdə əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, həmin sahələrdə idarəetmə mexanizmlərinin və əhaliyə xidmətlərin müasir və çevik, şəffaf şəkildə qurulması üçün yaradılmış elektron sistemlər barədə ətraflı məlumat verib: “Həmin sistemlərdən olan və artıq üç ildən çoxdur ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi ötən ay BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. 2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Rusiya Federasiyası Hökumətinin sədr müavini xanım Olqa Qolodetslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüş zamanı o, həmin sistemin yaradılması sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə marağını ifadə edib. Bununla əlaqədar Rusiyanın müvafiq qurumu ilə təcrübə mübadilələri aparılıb”.
Sosial təminat sistemində aparılan islahatları diqqətə çatdıran nazir müavini 2006-cı ilin əvvəlindən Azərbaycanda tətbiq edilən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sistemindən bəhs edib, pensiya təminatı sahəsində mühüm addımların atıldığını, son 11 ildə əmək pensiyasının baza hissəsinin 4,4, əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artdığını diqqətə çatdırıb. İ.İsayev qeyd edib ki, vətəndaşların bazar iqtisadiyyatı şəraitində risklərdən müdafiəsində onların özlərinin də iştirakına imkan yaradan bu sistemin daha da təkmilləşdirilməsi üçün bu ayın əvvəlindən pensiya qanunvericiliyində yeni dəyişikliklər qüvvəyə minib. Bununla da pensiya təminatında sığorta prinsipləri daha da gücləndirilib və pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğu təmin etməyə şərait yaranıb: “Rusiya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan vacib istiqamətlərdən biri də pensiya təminatına aiddir. Bu sahədə əməkdaşlığı inkişaf etdirilməsi vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Rusiya nümayəndə heyətinin səfəri zamanı aparılacaq birgə müzakirələr uğurlu əməkdaşlığın formalaşmasına öz töhfəsini verəcək”.
S.Komarova və nümayəndə heyətinin digər üzvləri ötən dövrdə iki ölkə arasında əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əmək miqrasiyası, aktiv əmək bazarı proqramlarının hazırlanması, tibbi-sosial reabilitasiya, peşə hazırlığı və s. sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıblar. Onlar Rusiyada müvafiq sahələrdə, o cümlədən pensiya-sığorta sistemində həyata keçirilmiş islahatlardan bəhs edərək, pensiya təminatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın formalaşacağına əmin olduqlarını və bu sahədə lazımi tədbirlər görüləcəyini qeyd ediblər.
Nümayəndə heyətinin dörd günlük səfər proqramında iki ölkənin pensiya-sığorta sistemlərinə dair təqdimatların edilməsi və gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
azertag.az