“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb
6.7.2017

Bu günlərdə “APOSTROFF” nəşriyyatında Naxçıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, Əməkdar Mədəniyyət İşçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb.

Kitabda Əməkdar İncəsənət Xadimi, Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühitinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur. Bununla yanaşı, topluda Naxçıvan teatr tarixinə nəzər salınır, paralel müqayisələr aparılır, xüsusilə də XX əsrin 80-ci illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti geniş şəkildə araşdırılır.

Kitabın “Ön söz” müəllifi Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı, redaktoru Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Samir Sədaqətoğlu, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, naşiri Akif Dənzizadədir.

Kitab teatr sahəsində fəaliyyət göstərən mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


azertag.az