Dənizçilərin yorğunluğunu aradan qaldırmaq üçün texnologiya hazırlanır
6.7.2017

Dənizçilərin yorğunluğunu aradan qaldırmaq üçün texnologiya hazırlanır.

Avstraliyada yerləşən “BHP Billiton” şirkəti texnologiyanın köməkliyi ilə gəmidə çalışanların yorğunluğunu aradan qaldırmaq üçün “yorğunluq idarəetmə sistemi”nin yaradılmasını təklif ediblər.

“BHP Billiton”nun apardığı üçillik araşdırmanın nəticəsinə görə, altı aydan çox çəkən səfər gəmi adamlarının yorğunluğunu artırır, yuxu pozğunluğuna səbəb olur və ən əsası motivasiyanı azaldır. Bu da gəmidə qəza riskini yüksəldir.

Yeni layihə cihazlar və alqoritmik məlumatların analizləri əsasında işləyəcək. Bu cihazın gəmi adamlarının yorğunluğunu müəyyənləşdirməklə yanaşı, problemi həll etmək imkanı da olacaq. Texnologiyanın köməkliyi ilə gəmidəki bir çox qəzanı əngəlləmək də mümkün olacaq.

Bunun üçün əvvəlcə bioizləmə sayəsində yuxu keyfiyyəti, ürək-damar sağlamlığı və stress həddi müəyyənləşdiriləcək. Sonra məlumatlar əsasında hesabat hazırlanacaq. Qəza ehtimalını müəyyənləşdirmək üçün həmin hesabata alqoritmlər tətbiq ediləcək.

Həmçinin, yeni texnologiya yaxşı bir gəmi sahibini digərlərindən ayırmaq üçün də unikal vasitə olacaq.

azertag.az