İyulun 6-da "Park Bulvar" AVM-də Azərbaycanın ilk milli velosiped brendi "İsma Bikes"ın yeni modellərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökümət rəsmiləri, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.
Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
"İsma Bikes" velosipedlərinin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu bir neçə ay əvvəl fəaliyyətə başlayıb və zavodun açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.
İllik istehsal gücü layihə üzrə 30 min ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etmiş və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb.
İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir. Şirkətin icraçı direktoru İsmayıl Süleymanov zavodda çalışanların böyük əksəriyyətinin rayon sakinləri olduğunu vurğulayıb. O, zavod məhsullarının "MADE İN AZERBAİJAN" brendi ilə istelsal olunduğunu deyərək, bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov isə bildirdi ki, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək: "Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək" .
Tədbir iştirakçılarına məlumat verilib ki, İsma markalı velosipedlər bazara hələ yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəliblər.
Daha sonra İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış edib.
Qeyd edək ki, yeni "İsma Bikes" velosipedləri iyulun 12-dək "Park Bulvar" AVM-də sərgilənəcək.
report.az