Cəmiyyətdə gənclərin fəallığının artırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir
10.7.2017

Azərbaycanın sürətli tərəqqisi böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktiki nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında böyük və yeni imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.

Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.

Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən, bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması taleyüklü məsələlərdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. 1993-cü ilin iyununda Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı. Məhz elə 1993-cü ildən etibarən ölkəmizdə gənclərə dövlət qayğısı siyasətinin reallaşdırılmasına başlanılıb. Gənclərin cəmiyyətdə layiqli yer tutmalarını təmin etmək məqsədi güdən dövlət gənclər siyasəti ötən dövrdə uğurla həyata keçirilib.

Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Burada elə təkcə son illər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı Gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar.

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir.

Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Olimpiya hərəkatının inkişafı istiqamətində əvəzolunmaz işlərə imza atılır. Gənclərimizin Olimpiya hərəkatına qoşulması onların fiziki inkişafının təmin edilməsi yönündə atılan ən mühüm addımlardandır.

Azərbaycanın hər bölgəsində və Bakıda Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Onlarla yanaşı, Azərbaycanda dünya standartlarına uyğun möhtəşəm idman qurğuları inşa olunub. Bütün idman obyektləri gənclərimizin ixtiyarına verilib.

Dövlətimiz tərəfindən gənclərimizin mənəvi inkişafının təmin edilməsi istiqamətində atılan növbəti addımlardan bir də Azərbaycanın bütün bölgələrində Gənclər evlərinin inşasıdır. Burada gənclər üçün müxtəlif kurslar və asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılıb.

Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, onların özlərini bir şəxs kimi müəyyən etməsi, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsidir.

Ölkəmizdə gənclərin inkişafına təkan verən könüllülük hərəkatı da geniş inkişaf edib. Azərbaycan gənclərinin beynəlxalq təcrübə toplaması, dünyanın ən peşəkar mütəxəssisləri ilə birlikdə çalışması, bilik və savadlarını zənginləşdirməsi üçün könüllülük proqramlarının böyük önəmi var. Son bir neçə ildə Azərbaycanda 17 mindən çox könüllü gənc beynəlxalq tədbirlərin təşkilində iştirak edib.

Gənclərin inkişafında Gənclər Fondunun əhəmiyyəti

Müasir Azərbaycan gəncinin cəmiyyətdəki mövqeyinin güclənməsində, gənc nəslin potensialının üzə çıxarılmasında və onların ideyalarının maliyyələşdirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xüsusi xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsis olunan, 2012-ci il iyunun 8-də təqdimat mərasimi keçirilən Gənclər Fondu ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edir. Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, Olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək qurumun əsas hədəflərindəndir.

Fondun nadir xüsusiyyətlərindən biri də gənclərin fərdi layihələrinə lazımi dəstək verilməsi sayılır. Bu yanaşma gənclərə xüsusi ideya və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaradır. Bu günə qədər artıq yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Ötən dövr ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, beynəlxalq layihələrə də maliyyə dəstəyi verib. Məsələn, İstanbulda keçirilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu”, Vyanada keçirilmiş “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forumlara, Bakıda keçirilmiş “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq foruma, Latviyada keçirilmiş “Azərbaycan bayrağı” adlı beynəlxalq intellektual festivala və sair tədbirlərin reallaşmasında Gənclər Fondunun ölçüyəgəlməz xidmətləri var.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət göstərir. Ölkə başçısının tapşırığı ilə respublikamızda həm uşaqların, həm də gənclərin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət proqramları qəbul olunub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət başçımız tərəfindən uğurla davam etdirilir. Gənclərin fiziki inkişafı, asudə vaxtının səmərəli təşkili və pis vərdişlərdən çəkinmələri üçün müxtəlif çempionat, birincilik, açıq kubok yarışları, spartakiadalar keçirilir, beynəlxalq yarışlara hazırlıq, təlim-məşq toplanışları təşkil olunur. Onların mənəvi inkişafı üçün də bir çox tədbirlər və layihələr həyata keçirilir. Həm ali təhsil ocaqları, həm də klub və cəmiyyətlərlə işimiz də bu istiqamətdə qurulub.

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra uşaq hüquqlarının müdafiəsi, uşaqların fiziki və mənəvi inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Hələ 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət proqramları, Tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.

Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə məktəbəqədər dövrdən uşaqların inkişafı istiqamətində önəmli addımlar atılır. Ölkəmizdə dünya standartlarına uyğun uşaq bağçaları inşa olunub və bu sahədə peşəkarların yetişdirilməsi təmin olunur. Uşaqların fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı üçün mütəxəssislər tərəfindən məktəbəqədər müəssisələr üçün proqramlar hazırlanıb. Orta təhsil müəssisələrində də uşaq və yeniyetmələrin vətənpərvər ruhda, dövlətimizə, xalqımıza məhəbbətlə böyümələri üçün önəmli işlər həyata keçirilir. Orta məktəb şagirdləri arasında keçirilən “Şahin” Hərbi Oyunları respublikamızda məşhurdur.

Uşaqların fiziki və mənəvi inkişafı istiqamətində Heydər Əliyev Fondu da çox önəmli tədbirlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqların inkişafı üçün çoxlu layihələr reallaşdırılır. Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilərək istifadəyə verilib. Fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib. Ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı xanım Mehriban Əliyevanın təşəbbüsü ilə mühüm addımlar atılır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqla təchiz olunub.



Səxavət Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

keçirdiyi müsabiqəyə təqdim etmək üçün


azertag.az