Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb.
Teatın mətbuat xidmətindən verilən məlumata görə, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” Sarayında dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşası ilə çıxış edib.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, İran İslam Respublikasında təşkil olunan Azərbaycan Mədəniyyət Günləri çox uğurla keçdi: "Ölkəmiz adına bu mühüm mədəni tədbir iyulun 3-də Tehran şəhərində işə başlamışdı. Ölkəmiz iki dövlət arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olan bu tədbirdə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin başçılığı ilə tanınımış mədəniyyət və incəsənət xadimlərimizdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunurdu. Musiqili Teatr bu mötəbər tədbirdə iştirak edən yeganə teatr kollektivi idi. İranlı teatrsevərlərə Üzeyir Hacıbəylnin “Ər və arvad” iki hissəli musiqili komediyasını ərməğan aparmışdıq. İki dəfə - iyulun 7-də və 8-də Tehranın “Hünər” Sarayında çıxış etdik. İranın müxtəlif bölgələrindən – Ərdəbildən, Təbrizdən, Miyanədən, Kirmanşahdan və başqa şəhərlərdən məhz bizim tamaşanı izləməyə gəlmişdilər. Tamaşadan sonra ölkəmizin İran İslam Respublikasındakı səfiri cənab Bünyad Hüseynov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri cənab Əsgər Farsi səhnə arxasına gələrək kollektivimizlə görüşdülər. Düşünürəm ki, 107-ci teatr mövsümünün sonunda Tehrandakı çıxışımız ölkəmiz və teatrımız adına çox böyük bir uğur oldu.”
Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.
report.az