Tovuzda arxeoloji qazıntılar zamanı eramızdan əvvələ aid əşyalar tapılıb
11.7.2017

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid II Tovuzçay məzarlığı adlı abidədə arxeoloji qazıntılar aparıb.
Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, e.ə. II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.
Qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilmiş insan skeletləri ilə yanaşı saxsı qablar, silah nümunələri, yerli və Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları aşkar edilib. Bundan əlavə, kişi skeletindən tunc kəmər və dəmir xəncər də tapılıb. Bu tapıntılar dəfn edilənin döyüşçü və yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Yanaşı aşkar edilmiş qadın qəbrində isə çoxlu bəzək əşyaları - müxtəlif minerallardan hazırlanmış muncuqlar, tuncdan hazırlanmış qolbaqlar aşkar olunub.
II Tovuzçay məzarlığında aparılan qazıntılar Azərbaycan xalqının qədim əcdadları olan Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin dəfn adətlərinin, dulusçuluq, metalişləmə və s. sənətkarlıq sahələrinin uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.


report.az