ISESCO ilə Azərbaycan Qarabağda məhv edilmiş tarixi-mədəni irsin araşdırılması üzrə birgə işçi qrup yaradır. Bu barədə razılıq Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə ilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri arasında keçirilmiş görüşdə əldə olunub.
Nazirlikdən bildirilib ki, işçi qrup Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində tarixi-mədəni abidələrin vəziyyətinə dair hesabat hazırlayacaq və ISESCO-nun noyabrda keçiriləcək Mədəniyyət Nazirlərinin Konfransına təqdim edəcək. Bununla yanaşı, həmin hesabatın İslam Əməkdaşlıq Təşkilatı və ISESCO-nun üzv ölkələrinə, xüsusilə dövlət qurumları və təhsil müəssisələrinə göndərilməsi nəzərdə tutulur.
Görüş zamanı Vasif Eyvazzadə bütün platformalarda Əbdüləziz bin Osman əl-Tuveycrinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Qarabağda erməni vandalizminə qarşı səssiz qalmadığına görə təşəkkür edərək ölkəmizin bu təşkilatla əməkdaşlığının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Əbdüləziz bin Osman əl-Tuveycri bu il mayın 4-dən 6-dək Bakıda keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünün çox əhəmiyyətli olduğunu xatırladaraq ISESCO-nun bütün məsələlərdə Azərbaycanı dəstəklədiyini ifadə edib.
Görüşdə Naxçıvan şəhərinin 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı fəaliyyət planı, 2018-ci ildə qeyd olunacaq “Bakı Prosesi”nin 10 illik yubileyi, eləcə də 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrinə dair yüksək səviyyəli görüşün keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Yekunda Əbdüləziz bin Osman əl-Tuveycri təşkilat tərəfindən bir sıra yüksək səviyyəli konfransların keçiriləcəyini qeyd edərək ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşkilatın Baş Konfransının prezidenti qismində həmin tədbirlərdə iştiraka dəvət edildiyini bildirib.
azertag.az