"Aztelekom"un tenderlərinin qalibləri müəyyən olub
13.7.2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" MMC tərəfindən martın 16-da xətt şəbəkəsinin genişləndirilməsi və istismarına tələb olunan P-274 abunəçi naqilinin alınması üçün elan edilən açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib.
Tenderin qalibi "Bakinity Distribution" MMC olub. "Aztelekom" ilə "Bakinity Distribution" arasında artıq bununla bağlı müvafiq satınalma müqaviləsi imzalanıb.
Bundan başqa, "Aztelekom"un aprelin 4-də 6 800 ədəd 6,5 metrlik və 100 ədəd 8,5 metrlik dəmir dirəklərin alınması üzrə elan etdiyi açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi də reallaşdırılıb. Bu tenderin qalibi isə "Texinvest" MMC olub və tərəflər arasında bununla bağlı müqavilə imzalanıb.


report.az