Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkirdə vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edib.
Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Qəbula yazılan Şəmkir sakinləri rayonda miniatür sənət məktəbinin açılması, Yeni Həyat kənd klubunda aşıq dərnəyinin yaradılması, turizmin inkişaf etdirilməsi və rayon ərazisindəki tarixi abidələrə ekskursiyaların təşkili barədə xahişlərini diqqətə çatdırıblar.
Ağstafadan qəbula gələn vətəndaşlar tərəfindən Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasının 10 illiyi münasibətilə “Keşikçidağ və ətraf ərazilərdə qədim yaşayış düşərgələri” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi, rayonda Turizm informasiya mərkəzinin yaradılması, Ağstafa Dövlət Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi, rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsinə dəstək verilməsi barədə müraciətlər edilib.
Daşkəsən sakinləri milli kətə və fəsəli festivalının keçirilməsi, mədəniyyət müəssisələrinə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Gədəbəy sakinləri tərəfindən “Əli və Nino” filminin çəkildiyi ərazilərə turizm məqsədilə turların təşkil olunması, rayonda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı təkliflər səsləndirilib.
Göygöl rayonundan qəbula gələnlərin müraciətləri Göygöl və Maralgöl ərazisində kanat yollarının salınması, rayon ərazisində alman məskənlərinə aid 5 küçənin qoruq elan edilməsi və digər məsələlər barədə olub.
Qazax sakinləri Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkil olunması və rayondakı 2 saylı Uşaq musiqi məktəbində nağara sinfinin açılmasına köməklik göstərilməsini xahiş ediblər.
Tovuz rayonundan qəbula gələnlərin müraciətləri Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində eksponatlarının bərpa edilməsi və digər məsələlər barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ə.Qarayev jurnalistlərə açıqlamasında ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. O bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən edilən müraciətlər ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır. Nazir qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı təşəbbüskarlığı təqdirəlayiqdir. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səslənən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.
report.az