İyulun 28-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə bu rayonun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktik seminar” keçirəcək.
Mərkəzdən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən tarixi maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
Beynəlxalq elmi-praktik seminarda Belarus, Qazaxıstan və Türkiyənin mədəniyyət müəssisələrinin mütəxəssisləri, Bakı şəhəri və regionlardakı mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak edəcəklər.
Tədbirdə Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Azərbaycan və Türkiyənin tarixinin, mədəniyyətinin, dilinin, maddi və mənəvi dəyərlərinin daha geniş təbliği istiqamətində “Bir millət – iki dövlət” devizi altında əməkdaşlıq memorandumu imzalayacaq.
Seminarda məruzələr dinləniləcək, “Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazasının təqdimatı olacaq, rəsm əsərləri və tətbiqi sənət nümunələrindən ibarət sərgi keçiriləcək.
Beynəlxalq elmi-praktik seminar bədii proqramla yekunlaşacaq. Bədii hissədə İvanovka folklor və Xaçmaz xalq teatr kollektivlərinin iştirakı ilə tamaşaların nümayişi nəzərdə tutulur.
azertag.az