Data Mərkəzinin saytı istifadəyə verilib
20.7.2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yeni fəaliyyətə başlayan Data Mərkəzinin veb saytını ictimaiyyətə təqdim edib.

Nazirlikdən verilən məlumata görə, Data Mərkəzi və onun təklif etdiyi infrastruktur əsaslı xidmətlərə artan tələbat və maraq nəzərə alınaraq Data Mərkəzi üçün xüsusiləşdirilmiş veb sayt istifadəyə verilib. Sayt beynəlxalq data mərkəzləri və onların nəzdində analoji xidmətlər təklif edən dünya üzrə tanınmış şirkətlərin təcrübəsi əsasında yaradılıb. “www.datamerkezi.az” saytı Data Mərkəzi, onun xüsusiyyətləri, infrastruktur həlləri və onların əsasında formalaşan müxtəlif kommersiya təklifləri ilə tanışlıq üçün vahid platforma rolunu oynayır.

Sayt vasitəsilə istifadəçilər Data Mərkəzinin ümumi xarakteristikası, onun texniki təchizatı haqqında məlumat əldə etməklə yanaşı, öz tələb və ehtiyaclarına uyğun olan infrastruktur həllərinə dair sorğular da yönləndirə biləcəklər.

Ən son dövri texnologiyalardan istifadə edilməklə keyfiyyətli telekommunikasiya xidmətləri göstərməyi özünə məqsəd seçən “AzInTelecom”un Data Mərkəzi 2016-cı ilin sonunda istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

“AzInTelecom” haqqında

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycanla xarici telekommunikasiya operatorları arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.

Yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) əsaslı xidmətlər.

Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Trafikin analizi xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan yüksək keyfiyyətli beynəlxalq telekommunikasiya xidmətlərinin alternativliyi təmin edilir, daha həcmli və müasir xidmətlər təqdim edilir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, IP əsaslı daxili səs kanallarının təşkilini və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur xidmətləri “ISO 20000” və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış regional Data Mərkəzi isə yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.

Sertifikatlaşdırma xidmətləri telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına imkan verir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.azintelecom.az” veb saytından istifadə edə bilərsiniz.

trend.az