Bu gün “Qəbələ” klubu Avropa Liqasında “Yagelloniya” komandası ilə cavab oyununa çıxacaq
20.7.2017

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab matçına çıxacaq.

Bu mərhələnin ikinci oyunu çərçivəsində Qəbələ təmsilçisi səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq.

Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi rumıniyalı Konstantin Sebastyan Koltesku olacaq. Ona həmyerliləri Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Qaman yerinə yetirəcək.

Qeyd edək ki, Belostok şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

“Qırmızı-qaralar” iki oyunun nəticəsinə görə Polşanın “Yagelloniya” komandasından üstün olsa, təsnifat mərhələsinin növbəti turunda “Panatinaikos” (Yunanıstan) klubu ilə görüşəcək.

Yunanıstan təmsilçisi UEFA Avropa Liqasına üçüncü təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunu isə iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda olacaq.

azertag.az