Turizm və Menecment Universitetinin 74 məzunu magistr təhsili alacaq
21.7.2017

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bu il bakalavr pilləsini bitirən 297 məzunundan 74-ü Avropanın, Amerikanın, Türkiyənin, eləcə də ölkəmizin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistratura pilləsində təhsil alacaq.

Həmin məzunlardan bir qrupu müxbirlərlə təəssüratlarını bölüşüb.

İtaliyanın La Sapienza Universitetində təhsilini davam etdirəcək ATMU-nun məzunu Orxan Səmədzadə deyib: “ATMU-nun məzunları bir çox özəlliklərinə görə fərqlənirlər. Mən bu fərqliliyi onların daha yaradıcı və savadlı olmalarında görürəm. Elə bu səbəbdən də peşəmi daha da təkmilləşdirmək üçün qarşıma məqsəd qoydum və İtaliyanın Saphienza Universitetinə qəbul olundum”.

Türkiyənin 19 Mayıs Universitetinin magistratura pilləsində təhsil alacaq Cəfərzadə Hikmət bildirib ki, turizm həmişə onun diqqətini cəlb edən sahə olub. O, Türkiyədə müvafiq istiqamətdə təhsilini tamamladıqdan sonra bu sahə üçün daha yararlı olacağına ümid etdiyini deyib: “ATMU-da yiyələndiyim nəzəri və təcrübi bilikləri magistr kimi daha da inkişaf etdirəcəyimə inanıram. Bu səbəbdən turizm sahəsində sürətlə inkişaf edən Türkiyədə təhsil almağı məqsədəuyğun hesab etdim”.

Elnur Vahabzadə isə bitirdiyi ali təhsil ocağı haqqında fikirlərini bölüşür: “Dörd il ərzində ATMU mənə geniş imkanlar yaratdı. Tələbə olduğum müddətdə Şimali Kipr Türk Respublikasının Famagusta şəhərindəki “Noah's Ark Deluxe Hotel&SPA” otelində üç ay tanışlıq təcrübəsi keçdim və ixtisasımla bağlı ilk təcrübi biliklərə yiyələndim. Ötən il isə İsraildə istehsalat təcrübəsi keçən ATMU-nun 30 tələbəsindən biri oldum. Bu universitet mənə düzgün yaşamağı öyrətdi. Burada ixtisasımla bağlı bütün lazımi biliklərə yiyələndim. ATMU mənim üçün təkcə bir ali təhsil müəssisəsi deyil, həmçinin bir ev oldu. Mən magistr təhsilimi dünyanın ilk əsası qoyulmuş təhsil ocaqlarından olan La Bologna Universitetində alacağam”.

Magistratura pilləsində təhsilini İtaliyanın La Sapienza Universitetində davam etdirəcək ATMU-nun digər məzunu Fərid Dibirov isə fikirlərini bu cür ifadə edib: “ATMU-ya qəbul olmaq abituriyent vaxtlarımdan arzum idi. Universitetin ingilis dili qrupunda təhsil aldığıma görə dörd il ərzində bu dili yüksək səviyyədə mənimsədim. Bununla yanaşı, alman və ispan dillərini də öyrəndim. Həmçinin Almaniyanın Yade Universitetində bir semestr mübadilə proqramında iştirak etdim. Almaniyada yaşamağım dünyagörüşümü, alman dili biliyimi, turizmdə təcrübə və bacarıqlarımı inkişaf etdirdi. Daha sonra İsrailin Eylat şəhərində yay istehsalat təcrübəsi keçdim. Universitetdə mənim üçün yaradılan şəraitə görə müəllimlərimə dərin minnətdarlığımı bildirirəm və fəxr edirəm ki, məhz ATMU məzunuyam”.

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənən ATMU-nun məzunu Eldar Məmmədbəyov isə belə deyib: “ATMU karyerasını turizm və biznes idarəçiliyi sahəsində quracaq bütün abituryentlərin ən çox üstünlük verdiyi universitetlərdən biridir. ATMU-nun daxilində IMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil almağım isə beynəlxalq bilik və yerli təcrübəni bir məkanda mənimsəməmə şərait yaratdı. Universitetdə təcrübə üçün müxtəlif ölkə və şirkətlərlə qurulan əlaqələr tələbələri real biznes həyatına hazırlayır. İndi isə təhsilimi qardaş ölkə olan Türkiyədə davam etdirəcəyəm. Magistr təhsilimi aldıqdan sonra daha da təkmilləşmiş kadr kimi yenidən Azərbaycana qayıdaraq turizm sənayesində fəaliyyət göstərəcəyəm”.

ATMU-ya qəbul olunan 83 magistr artıq qeydiyyatdan keçib. Həmin magistrlər arasında yenidən ATMU-nu seçən Fuad Mahmudov deyib: “Bunun əsas səbəbi ATMU-nun ölkə ərazisində turizm sahəsi üzrə peşəkar təhsil verən ali məktəb olmasıdır. Burada tələbələrə müxtəlif təcrübə, mübadilə proqramlarında iştirak etmək imkanı yaradılır. Bu imkanlar da tələbələrin hərtərəfli inkişafına, onların dünyagörüşünün artmasına gətirib çıxarır”.



azertag.az