Şamaxıda üzüm bağlarının sahəsi 1640 hektara çatdırılıb
21.7.2017

Şamaxı Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Yığıncaqda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Nazirlər Kabinetinin 2017-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr barədə danışıb.

Məruzədə, eləcə də müzakirələrdə 2017-cı ilin birinci yarısında rayonda sosial-iqtisadi sahələrdə bir sıra uğurlu nəticələr qazanıldığı bildirilib. Vurğulanıb ki, yarım ildə 76,6 milyon manat ümumi məhsul buraxılışı olub. Altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 5,6 milyon manat təşkil edib. İqtisadiyyatın sənaye, habelə aqrar sektorunda bir sıra müsbət göstəricilər əldə olunub.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından olan Şamaxıda bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də ətraflı danışılıb. Qeyd olunub ki, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı rayonda bu sahənin inkişafına güclü təkan verib. Üzümçülük yeni inkişaf dövrünü yaşayır. Plantasiyaların sahəsi 1640 hektara çatdırılıb. Hazırda Meysəri kəndinin ərazisində yeni bağlar salınır.

Müzakirələrdə yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, səhiyyə, təhsil, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətlərində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də bəhs olunub. Əminliklə vurğulanıb ki, şamaxılılar iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən taxılçılığın, üzümçülüyün, meyvəçiliyin sürətli inkişafı ilə əlaqədar qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəklər.

azertag.az