Şəki-Zaqatala iqtisadi rayonunda ayrılan güzəştli kreditin həcmi 100 milyon manata çatıb
21.7.2017

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri istiqamətində növbəti işgüzar forumu Oğuz rayonunda keçirib.

Nazirlikdən verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinın təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.

Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu üçün ənənəvi sahələrdən olan tütünçülüyün inkişafına dövlət maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 120-ə yaxın sahibkara 2,4 milyon manatdan çox güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 515 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.

trend.az